İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Tarif (qiymət) Şurasının katibi İlkin Məcidovun “Xalq qəzeti”nə müsahibəsi

12.06.2015

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi diqqət mərkəzində saxlanılır

Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, sosial siyasət daim diqqət mərkəzində saxlanılır.Çünki bu sahə insanların rifah halını, rahat yaşamasını təmin edir. Ona görə bundan sonra da bütün sosial öhdəliklər yerinə yetirilməli və   ölkə üçün vacib olan infrastruktur layihələri icra olunmalıdır. 
Dövlət başçısı çıxışında, həmçinin dərman preparatlarının qiymətləri ilə bağlı narahatlığını da vurğulamışdır: “Mən xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Eyni zamanda, onu da qeyd etməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki, Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalmışdır. Bu, əslində dözülməz bir hal idi. Bu hadisə, deyə bilərəm ki, bizim diqqətimizi bu sahəyə daha da ciddi şəkildə yönəltdi və gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır...”.
Ölkə rəhbəri sözügedən iclasda bu sahədə vəziyyətin tamamilə nəzarətə götürülməsi üçün müvafiq tapşırıqlar vermişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov ötən müddətdə həyata keçirilən tədbirlərlə bağlı söhbət zamanı dedi:
– Əvvəlcə istərdim ki, Tarif (qiymət) Şurasının bu il iyunun 8-də keçirilmiş iclası barədə məlumat verim. Əvvəla qeyd edim ki, dərman vasitələrinin qiyməti sosial baxımdan xüsusi əhəmiyyət kəsb edən məsələdir. Belə ki, dərman vasitələrinin qiymətlərinin səviyyəsi vətəndaşların öz sağlamlıqları üçün ayırdığı xərclərə birbaşa təsir etdiyindən, dövlət bu sahəni diqqət mərkəzində saxlayır.
Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunan iclasında  da dövlət başçısı bu vacib məsələyə toxunmuş, ölkənin dərman vasitələri bazarında baş verən tendensiyalara münasibət bildirmiş və bununla bağlı müvafiq tapşırıqlarını vermişdir. Hökumətin bu sahə üzrə siyasətinin tərkib hissəsi olaraq, 16 dekabr 2014-cü il tarixli “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqinə dair müddəa təsbit edilmişdir.
Qanunun icra mexanizminin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 iyun 2015-ci il tarixli qərarla “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilmişdir. Tarif (qiymət) Şurasının bu il iyunun 8-də  keçirilən iclasında isə “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” və bəyannamə formaları təsdiq edilmişdir. İyunun 9-dan etibarən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sənədlərin qəbuluna başlanılmışdır.

– Nazirlər Kabineti tərəfindən təsdiq edilən qaydada dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı nələr nəzərdə tutulmuşdur?
– Qaydada Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin bazis qiymətlərinin, topdan və pərakəndə satış qiymətlərinin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilməsi, subyektlərin qiymət tənzimlənməsi ilə bağlı müraciət forması, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi, həmin qiymətlərdə dəyişikliklər edilməsi və dərman vasitələrinin qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir.

– Qiymət tənzimlənməsi ilə bağlı hansı prosedur nəzərdə tutulur? 
– Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə Tarif (qiymət) Şurası tərəfindən 10 istinad ölkəsi müəyyənləşdirilmişdir və qiymət bəyannamələrinin və sənədlərin qəbulu ilə bağlı elan verilmişdir. Prosedura əsasən, qiymət tənzimlənməsi məqsədi ilə təsdiq edilmiş bəyannamə formaları dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər tərəfindən doldurularaq, müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının katibliyinə təqdim olunmalıdır.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün sənədlərin qəbulu və araşdırılması Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilir. Sənədlərə baxılarkən dərman vasitəsinin orijinalı və generikləri ilə bağlı Səhiyyə Nazirliyindən məlumat alınır. Qiymət bəyannamələri və tələb olunan sənədlər baxıldıqdan sonra dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün Tarif (qiymət) Şurasının iclasının gündəliyinə daxil edilir.

– Həmin istinad ölkələri hansılardır?
– Tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, 10 istinad ölkəsi seçilmişdir. Bunlar Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniyadır. Xatırladım ki, istinad ölkələrinin siyahısına dəyişiklik 2 ay əvvəlcədən elan edilməklə həyata keçirilə bilər.

– Bəs dərman vasitəsinin qiyməti necə müəyyənləşdiriləcək?
– Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçiriləcək. Dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla, istinad ölkələrində topdansatış əczaçılıq müəssisələrinə ən aşağı rəsmi satış qiyməti bazis qiymət kimi müəyyən edilir. Həmin bazis qiymət əsasında bizim ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiyməti hesablanır və üzərinə Nazirlər Kabineti tərəfindən təsdiq edilən Qaydada topdansatış əczaçılıq müəssisəsi üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə ölkədaxili topdansatış qiyməti müəyyənləşdirilir. Həmçinin, topdansatış qiymətinin də üzərinə Qaydada aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə dərman vasitəsinin pərakəndə satış qiyməti hesablanır.

– Deməli,  Azərbaycana yalnız istinad ölkələrindən dərman vasitəsi idxal edilə bilər, yaxud da dərman vasitəsinin qiyməti istinad ölkələrdəki müvafiq qiymət səviyyəsində olmalıdır.
– Nə Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli qərarı, nə də Tarif (qiymət) Şurasının 8 iyun 2015-ci il tarixli qərarı ölkəmizə dərman vasitələrinin idxalını mədudlaşdırmır. Azərbaycana istənilən ölkədən dərman vasitəsi idxal oluna bilər, bunun üçün sadəcə həmin dərman vasitəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmalıdır.
Nazirlər Kabinetinin adıçəkilən qərarına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir ki, istinad ölkələri də bu məqsədlə seçilmişdir. Bununla yanaşı, dərman vasitəsinin istehsal, idxal edildiyi və ya farmasevtik forma aldığı ölkələrdə topdansatış əczaçılıq müəssisələrinə rəsmi satış qiyməti istinad ölkələrində olan qiymətlərdən aşağı olduğu təqdirdə ən aşağı qiymət bazis qiyməti olaraq qəbul ediləcəkdir.

– Ümumiyyətlə, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində beynəlxalq təcrübə necədir?
– Dövlət başçısının tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində qabaqcıl ölkələrin təcrübəsi öyrənilmişdir. Bu məqsədlə İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinin və Tarif (qiymət) Şurası Katibliyinin əməkdaşları bir sıra Avropa ölkələrinə və Türkiyəyə ezam olunmuş, həmçinin digər ölkələrin də təcrübəsi öyrənilməklə mövcud metodologiya hazırlanmışdır. Belə ki, hazırda bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə yanaşı, postsovet ölkələrində də dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənir. Qeyd edək ki, bizim istifadə edəcəyimiz metod (referans qiymət yanaşması) beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsuludur və Avropa ölkələrinin əksəriyyəti bu modeli tətbiq edir.

– Dərman vasitələri nə vaxtdan tənzimlənən qiymətlərlə satılacaqdır?
– Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, ölkəmizdə dövlət qeydiyyatına alınmış 4,5 mindən çox dərman vasitəsi vardır ki, bu da dərman vasitəsinin dozasından, ticarət qablaşdırmasından və qablaşdırmadakı miqdarından asılı olaraq 20 minədək dərman vasitəsi deməkdir. Nəzərə alsaq ki, hər bir dərman vasitəsi üçün istinad ölkələrində topdansatış əczaçılıq müəssisələri üzrə ən aşağı rəsmi satış qiymətinin müəyyənləşdirilməsinə görə, ən azı 10 ölkə üzrə qiymətlərin müqayisəsi aparılmalıdır, bu işin vaxt və məsuliyyət tələb etdiyini anlamış oluruq. Bu baxımdan, tənzimləməyə ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanacaqdır və qiymətlər təsdiqləndikcə qiymətlər cədvəli və qiymətlərin qüvvəyə minmə tarixi barədə məlumatlar KİV-də veriləcək, İqtisadiyyat və Sənaye Nazirliyinin (www.economy.gov.az), Tarif (qiymət) Şurasının rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdiriləcək və Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən dərman vasitələri haqqında elektron məlumatlarda (www.pharma.az) əks olunacaqdır.

– Bu islahatın ölkə əhalisi üçün faydası nədir?
– Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi əhalinin dərman vasitələri ilə optimal qiymətlərlə və əlverişli şərtlərlə təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu, vətəndaşa dərman vasitəsini bütün apteklərdən təsdiqlənmiş qiymətə,  yəni eyni qiymətə ala bilməsinə imkan yaradır və süni qiymət artımı məsələsi aradan qalxır. Digər tərəfdən, pərakəndə satış qiyməti dərman vasitəsinin üzərində göstərilməklə yanaşı, müvafiq rəsmi internet resurslarında da yerləşdiriləcəkdir ki, bu da qiymət intizamına ictimai nəzarəti təmin edəcəkdir.

– Yeni mexanizmin nə kimi digər üstünlükləri olacaqdır?
– Əvvəla, bu islahat dərman vasitələrinə ehtiyacı olanların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaqdır. İkincisi, sığorta şirkətlərinin müvafiq xərclərinə qənaət etməyə imkan yaratmaqla sığorta sisteminin inkişafına töhfə verəcəkdir. Nəhayət, idxalçıları dərman vasitələrinin daha məqbul qiymətlərlə idxalına sövq edəcək, apteklər üzrə isə rəqabət qiymət müstəvisindən keyfiyyət müstəvisinə keçəcəkdir ki, bu da nəticədə xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır.

– Siz qeyd etdiniz ki, qiymətlər dərman vasitələrinin üzərində göstəriləcəkdir. Bu, hansı üsullarla reallaşdırılacaq?
– Qiymətlərin dərman vasitələrinin üzərində bir qayda olaraq mətbəə üsulu ilə çap olunması nəzərdə tutulur. Əgər bu, obyektiv səbəbdən mümkün deyilsə, onda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müəyyən olunmuş formada stiker vasitəsi ilə qiymətlər dərman qutularının üzərinə yapışdırılacaq. Bununla yanaşı, dərmanların qiymətləri içlik vərəqlərində əks olunacaq. Dərman vasitələrinin qutularının üzərində və içlik vərəqlərində mətbəə üsulu ilə qiymətin əks olunması müəyyən vaxt tələb etdiyinə görə qiymətlər Tarif (qiymət) Şurası tərəfindən təsdiq olunduqdan sonra ilkin mərhələ üçün stiker vasitəsilə göstərilə bilər.

– Qiymətlərə nəzarət necə həyata keçiriləcəkdir?
– Dərman vasitələrinin tənzimlənmiş qiymətləri haqqında ictimaiyyətə müxtəlif vasitələrlə - İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinin, Tarif (qiymət) Şurasının və digər aidiyyəti qurumların internet səhifələrində, KİV-də və s. məlumat veriləcək və qiymətlər barədə məlumat hamı üçün açıq olacaqdır. İstehlakçılar alınan dərman vasitəsinin qiymətinin dövlət tərəfindən tənzimlənmiş qiymətlə eyni olub-olmadığını asanlıqla yoxlaya biləcək ki, bu da bir növ dərman vasitələrinin qiyməti üzərində ictimai nəzarəti reallaşdıracaq. Eyni zamanda, dərman vasitələrinin qiymətlərinə nəzarət aidiyyəti dövlət orqanları tərəfindən monitorinq və yoxlamalar vasitəsi ilə təmin ediləcək. Dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi və ya onların tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması qiymət intizamının pozulması və ya istehlakçıların aldadılması kimi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq və bu təsərrüfat subyektləri barəsində ciddi tədbirlər görüləcəkdir.

– Bəs dərman vasitələrinin keyfiyyətinə nəzarət necə həyata keçiriləcəkdir?
– Məlum olduğu kimi, dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər  əvvəlcə dərman vasitəsinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət edirlər. Adıçəkilən  nazirlik tərəfindən dərman vasitəsinin ekspertiza və sınağı keçirilir və bundan sonra dərman vasitəsi dövlət qeydiyyatına alınır, dövlət reyestrinə daxil edilir və qeydiyyat vəsiqəsi verilir. Əsas məqam budur ki, həmin dərman vasitəsi idxal olunduqda da Səhiyyə Nazirliyi tərəfindən hər partiya üzrə nümunə götürülür və keyfiyyəti yoxlanılır.


“Xalq qəzeti”nə müsahibə

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası