İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

06.03.2017

“Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın təsdiq edilməsi və bununla bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

QƏRAR № 1

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
 
QƏRAR №1

Bakı şəhəri, 6 mart 2017-ci il

“Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın təsdiq edilməsi və bununla bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası 
Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarında 
dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 2.1.2-ci yarımbəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın təsdiq edilməsi və bununla bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
 
1.1. “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” üzrə:
 
1.1.1. 3.1-ci, 3.5-ci, 4.2-ci və 5.2-ci bəndlər müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:
 
 “3.1. Dərman vasitəsinin bazis qiymətləri əsasında Şura tərəfindən istinad üçün müəyyən edilən tarixə milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsbit edilən satış məzənnəsi üçün yuxarı hədd və nəzarət markasının qiyməti nəzərə alınmaqla ölkədaxili TƏM-ə şərti satış qiyməti hesablanır.
 
 3.5. İstinad ölkələrində dərman vasitəsinin orijinalı rəsmi satışda mövcuddursa, generik dərman vasitəsinin bazis qiyməti orijinalı üçün müəyyən edilən bazis qiymətin 80 faizindən yuxarı olduqda, ölkədaxili TƏM-ə şərti satış qiyməti orijinal dərman vasitəsinin bazis qiymətinin 80 faizi əsasında (nəzarət markasının qiyməti əlavə olunmaqla) hesablanır. İstinad ölkələrində dərman vasitəsinin orijinalı rəsmi satışda olmadığı təqdirdə dərman vasitəsinin orijinalı və generiki üçün bu təlimata uyğun olaraq eyni səviyyədə bazis qiymət müəyyən edilir.
 
4.2. “Həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısı”na daxil edilmiş dərman vasitəsi üçün ölkədaxili TƏM-ə şərti satış qiyməti (dərman vasitəsi istinad ölkələrində rəsmi satışda olduğu təqdirdə) bazis qiymətə 10 faiz və nəzarət markasının qiyməti əlavə olunmaqla hesablanır.
 
5.2. Təsiredici maddəsi (maddələri) və farmasevtik forması eyni, vahid xam maddəsinin miqdarı (dozası) fərqli olan – oxşar dərman vasitəsi üçün xam maddə miqdarı nəzərə alınmaqla TƏM-ə ən aşağı rəsmi satış qiyməti bazis qiymət olaraq qəbul edilir.”.
 
1.1.2. Aşağıdakı məzmunda 5.11-ci bənd əlavə edilsin:
 
“5.11. Qiyməti tənzimlənmiş dərman vasitəsinin qiymətinin artırılması ilə bağlı istehsalçı tərəfindən müraciət olunduqda, Katiblik tərəfindən istinad ölkələri, habelə açıq informasiya mənbələri olan digər ölkələr üzrə məlumatlar əsasında həmin müraciətin əsaslı olub-olmadığı araşdırılır.”. 
 
1.1.3. 1 və 2 nömrəli əlavələr yeni redaksiyada verilsin (əlavə olunur).
 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası